“Karyera Günləri” layihəsi çərçivəsində fakültəmizdə infosessiya təşkil edilib
Bakı Dövlət Universitetinin Karyera və məzunlarla iş Mərkəzi tərəfindən “Karyera Günləri” layihəsi çərçivəsində Kimya fakültəsinin Kimya və Kimya mühəndisliyi ixtisaslarının yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə (ÜOMG) malik olan 40 nəfər II və III kurs tələbələri üçün layihə haqqında infosessiya təşkil edilib. İlk növbədə tələbələrə Karyera və məzunlarla iş Mərkəzinin fəaliyyət istiqamətləri və tələbələr üçün faydaları haqqında məlumat verilib. Daha sonra bildirilib ki, “Karyera Günləri” layihəsinin əsas məqsədi seçilmiş gənclərin karyera inkişafına dəstək olmaq, onların yumşaq və texniki bacarıqlarını inkişaf etdirmək, müxtəlif işəgötürən şirkətlərin sahəvi mütəxəssisləri tərəfindən təlimlərin təşkilinə şərait yaratmaq, tələbələrin şirkətlərin daxili iş prosesi ilə tanışlığı üçün infoturlar təşkil etmək, layihənin sonunda isə aktiv tələbələri təcrübə proqramına cəlb etməkdən ibarətdir. Müraciət edən iştirakçıların müsahibə yolu ilə seçilməsi nəzərdə tutulub.
İnfosessiya interaktiv müzakirələr, praktiki nümunələr və peşəkar məsləhətlərlə zəngin olub, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.