Kimya fakültəsində növbəti elmi seminar keçirildi
-lg.jpg)
Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının saat hesabı müəllimi, Məmmədova Xanımbacı Mahmud qızının “Kainatın kimyəvi təkamülündə elementlərin yaranma mərhələləri” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kafedra müdiri, prof. Xəlil Nağıyev iştirakçıları salamlamış, kafedrada görülən işlər və elmi seminarların əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Elmi seminarda Məmmədova Xanımbacı kosmosun təkcə ulduzlar, qalaktikalar və planetlərdən ibarət deyil, həm də mürəkkəb kimyəvi proseslərin baş verdiyi təbii laboratoriya olduğunu bildirmişdir. Ulduzlarda nüvə reaksiyaları nəticəsində hidrogen və heliumdan başlayaraq daha ağır elementlərin əmələ gəlməsi və onların kosmik tozlar vasitəsilə kainata yayılması kimyanın fundamental qanunauyğunluqlarını əyani şəkildə nümayiş etdirir. Təqdim etdiyimiz mövzuda bu proseslərin kimya elminin tədrisində tətbiq imkanları araşdırılmış, xüsusilə elementlərin yaranması, yayılması və qarşılıqlı təsiri haqqında şagirdlər üçün əlçatan izah nümunələri təqdim olunmuşdur. Ulduzlarda baş verən böyük partlayışların kimyəvi mənzərəsi, molekulyar buludlarda sintez prosesi və kosmik tozların tərkibindəki maddələr haqqında maraqlı elmi məlumatlar verilmiş,mövzunun kimya dərslərində izahı şagirdlərdə fənlərarası əlaqələrin möhkəmlənməsinə, elmi dünyagörüşün formalaşmasına və yaradıcı-tədqiqat bacarıqlarının inkişafına şərait yaradacaqdır. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşmışdır.