Kərimova Ləman Natiq qızının təqdimatında elmi seminar keçirildi
-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının I kurs magistrantı Kərimova Ləman Natiq qızının “Pentilsianobifenil maye kristalına BaTiO3 nanozərrəciklərinin təsirinin tədqiqi” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kafedra müdiri, professor Eldar Əhmədov iştirakçıları salamlamış, elmi seminarların əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Elmi seminarda Kərimova Ləman bu işdə geniş tətbiq sahəsinə malik olan pentilsianobifenil (5CB) tipli maye kristal sisteminə BaTiO₃ nanozərrəciklərinin əlavə olunmasının fiziki və elektrooptik xassələrə təsiri araşdırılır. 5CB nematik fazaya malik klassik maye kristal olub, yüksək dielektrik anizotropiyası və sabit faza keçid temperaturu ilə seçilir. BaTiO₃ isə güclü ferroelektrik xüsusiyyətlərə malik nanomaterialdır və elektrik sahəsinə yüksək həssaslıq göstərir. Tədqiqat zamanı müxtəlif konsentrasiyalarda BaTiO₃ nanozərrəcikləri 5CB matrisinə daxil edilərək homogen dispers sistemlər hazırlanmışdır. Nanozərrəciklərin əlavə olunması nəticəsində maye kristalın orientasiya xüsusiyyətlərində, faza keçid temperaturlarında və dielektrik parametrlərində dəyişikliklər müşahidə olunmuşdur. Xüsusilə, aşağı konsentrasiyalarda nanozərrəciklər maye kristal molekullarının daha sabit düzülüşünü təmin edərək elektrooptik cavabı yaxşılaşdırır və keçid gərginliyini azaldır. Eyni zamanda müəyyən edilmişdir ki, yüksək konsentrasiyalarda nanozərrəciklərin aqreqasiyası baş verə bilər ki, bu da sistemdə səpilmə itkilərini artırır və optik şəffaflığı azaldır. BaTiO₃ nanozərrəciklərinin səthində yaranan lokal elektrik sahələri maye kristal molekullarının orientasiyasına təsir edərək ümumi anizotropiyanı gücləndirir. Alınan nəticələr göstərir ki, nanozərrəciklərlə modifikasiya olunmuş maye kristallar ekran texnologiyaları, sensor sistemlər və elektrooptik cihazlar üçün perspektivli materiallar hesab olunur. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşmışdır.