Kimya fakültəsində birinci kursa qəbul olunmuş tələbələr ilə görüş keçirilib
Bakı Dövlət Universitetinin Kimya fakültəsində birinci kursa qəbul olunmuş tələbələr ilə görüş keçirilib. Tədbir müstəqil Azərbaycan dövlətinin himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Fakültənin dekanı Fuad Kərimli tələbə adını qazanmış gəncləri təbrik edərək bu il 105 illiyi qeyd edilən Bakı Dövlət Universiteti və 90 yaşlı Kimya fakültəsinin elmi mühiti, kadr potensialı, tədrisin təşkili, fakültənin sosial və ictimai həyatda nailiyyətləri haqqında tələbələri məlumatlandırıb, son illər Universitetdə həyata keçirilən islahat və yeniliklərdən, keyfiyyətli təhsil üçün müasir infrastrukturun mövcudluğundan və tədris prosesində müasir kommunikasiya texnologiyalarının verdiyi imkanlardan bəhs edib. Fuad Kərimli bildirdi ki, tədrisin keyfiyyətinin artırılması məqsədilə Universitetin maddi-texniki bazası daha da gücləndirilir, tələbələrin şəffaf mühitdə və yüksək səviyyədə təhsil almalarına şərait yaradılır. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatları istedadlı və bacarıqlı gənclərin üzə çıxarılması istiqamətində mühüm işlər görür. Dekan müavini Taleh Qəhrəmanov, kafedra müdiri İbrahim Məmmədov öz çıxışlarında Azərbaycanda yeni kimyaçıların yetişməsində, inkişafında BDU-nun Kimya fakültəsinin xidmətlərindən, buradakı yüksək tələblərə cavab verən tədris prosesindən söz açıb, tələbələrin Universitetin və fakültənin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətini vurğulayıblar. Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşmışdır.
Tələbələrimizə uğurlar arzulayırıq!