Kimya fakültəsində Elm gününə həsr olunmuş tədbir keçirildi
Kimya fakültəsində Azərbaycanda Elm günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan fakültə dekanı Fuad Kərimli ölkə başçısı İlham Əliyevin hər il 27 martda Elm gününün keçirilməsi haqqında 9 aprel 2018-ci il tarixli sərəncamı, bundan irəli gələn məsələlər və ölkəmizdə bu günün əhəmiyyəti barədə tədbir iştirakçlarını məlumatlandırdı və Elm günü münasibəti ilə Kimya fakültəsinin əməkdaşlarını təbrik etdi. Kimya fakültəsində son bir ildə elmi-tədqiqat sahəsində əldə olunmuş nəaliyyətlər haqqında geniş məlumat verdi. Fuad Kərimli kimyaçıların Azərbaycan elmində xüsusi rolunun olduğunu vurğuladı. O bildirdi ki, Kimya fakültəsində ötən 1 il ərzində 223 məqalə çap olunub, onlardan 125-i indekslənmiş jurnallardadır. Fakültənin təşkilatçılığı ilə 1 Respublika Elmi konfransı, 2 qrant layihəsi həyata keçirilir. 11 mühüm elmi nəticəmiz AMEA-nın əldə olunmuş mühüm nəticələri sırasına daxil edilmişdir. Bakı Dövlət Universiteti (BDU) və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutu "Neft kimyası" ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirir. Neft kimyası və kimya texnologiyası kafedrasının “Neft kimyası” ixtisaslaşmasında ikili diplom üzrə məzunu Zülfiyə Hüseynliyə rektorlar tərəfindən hər iki universitetin diplomları təqdim edilmişdir. Bakı Dövlət Universitetində (BDU) 2 fevral- Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələrinə əsasən fakültəmizin əməkdaşı, zərif üzvi sintez elmi-tədqiqat laboratoriyasının elmi işçisi Gülnar Atakişiyeva yüksək elmi nəticələri ilə seçildiyi üçün təşəkkürnamə və pul mükafatı ilə təltif edilib. Gənclərin elmə marağının artırılması məqsədilə fakültəmizdə bakalavr və magistr tələbələri Beynəlxalq və Respublika olimpiadalarında iştirak edirlər. Fakültəmizin tələbələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və BDU-nun 105 illik yubileyinə həsr olunmuş Fizika, Riyaziyyat, Kimya, Biologiya və Coğrafiya fənləri üzrə Respublika Olimpiadasında I, II və III yerlərə layiq görülüblər. Tədbirdə Elm günü ilə əlaqədar olaraq “Ağıllı polimer materiallar” mövzusunda çıxış edən Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri Rasim Alosmanov müxtəlif stimullara cavab verən həssas polimerlərin əsas növləri, onların müasir dövrdəki rolu və perspektivləri, eləcə də kafedrada bu istiqamətdə aparılan elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verdi. Tədbir iştirakçıları maraqlandıran suallar və onların cavablandırılması ilə yekunlaşıb.