Kimya fakültəsində növbəti elmi seminar
27 fevral 2023-cü il tarixində Bakı Dövlət Universiteti Kimya fakultəsi “Fiziki və kolloid kimya kafedrası”nda “Yeni növ müasir materiallar. Təhlükəsiz gələcək” mövzusunda elmi seminar keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Məqsəd oğlu Babayev elmi seminarda məruzə ilə çıxış etmişdir. Elmir Babayev məruzəsində kimya elminin müasir yeniliklərindən, o cümlədən gələcəyin materialları sayılan maqnetoreoloji, elektorxrom, piezoelektrik, “gecko skin”, topoloji izolyatorlar kimi smart materiallar barəsində ətraflı məlumat vermişdir. Bio əsaslı kimyanın sürətlə inkişaf etdiyini vurğulayan məruzəçi Azərbaycanda da bu istiqamətdə işlərin görüldüyünü, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda özünün iştirakı ilə tədqiqatların həyata keçirildiyini və vacib elmi nəticələrin alındığını diqqətə çatdırmışdır. Alınan nəticələrin gələcəkdə alternativ enerji – bioyanacaq və xammal – platforma kimyəvi maddələr kimi geniş tətbiq imkanlarından bəhs edən Elmir Babayev bu istiqamətdə tədiqatların artırılmasının vacibliyini vurğulamışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.