Kimya fakültəsində “Rəsm Klubu”nun açılışı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə rəsm qabiliyyəti olan tələbələrin iştirakı ilə “Rəsm Klubu”nun açılış mərasimi keçirilib. Tədbirin məqsədi tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq, onların bədii-estetik düşüncəsini inkişaf etdirmək və fakültə daxilində incəsənətə marağı artırmaqdır. Açılış zamanı “Rəsm Klubu”nun fəaliyyət istiqamətləri və qarşıdakı planlar barədə məlumat verilib. Bildirilib ki, klubun ilk layihəsi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsm sərgisi olacaq. Sərgidə fakültənin istedadlı tələbələrinin əsərləri nümayiş etdiriləcək. Sonda tələbələr “Rəsm Klubu”nun yaradılmasının onların yaradıcılıq bacarıqlarını göstərmək üçün yeni imkanlar açdığını qeyd ediblər.