Kimya fakültəsində ustad dərsləri keçirilib
Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər davam edir.
Kimya fakültəsində Fiziki və kolloid kimya kafedrasının professoru Cəbrayıl Mirzai “Kimyada molekulyar spektroskopiya metodları” və Üzvi kimya kafedrasının professoru Namiq Şıxəliyev “Katalitik olefinləşmə reaksiyalarının yeni sintetik imkanları, yeni birləşmələrin sintez və dizaynında qeyri-kovalent əlaqələrin rolu” mövzularında ustad dərsləri keçiblər.
Cəbrayıl Mirzai kimyəvi məqsədlərlə daha çox tətbiq olunan elektron spektroskopiyası, mikrodalğa spektroskopiyası, nüvə maqnit rezonansı, elektron paramaqnit rezonansı və digər metodlar, onların imkanları haqqında ümumi məlumat verib. O, böyük universallığı və informativliyi ilə seçilən infraqırmızı spektroskopiya metodunun nəzəri əsasları, kimyanın müxtəlif sahələrində tətbiq olunma imkanlarından ətraflı danışıb.
Namiq Şıxəliyev son dövrlərdə üzvi-sintez, kataliz, kristal mühəndisliyi və digər sahələrdə qeyri-kovalent əlaqələrin roluna dair elmi-tədqiqat işlərinin sayının artdığını qeyd edib. O, bunun Rentgen quruluş analizi tədqiqatları əsasında qeyri-kovalent əlaqələrin (koordinasion, halogen, hidrogen, azot- halogen, halogen-xalkogen, halogen-halogen, Cl...Cl, Cl...O, pnikogen N...Cl əlaqələri və s.) yeni birləşmələrin sintezində, katalizdə, kristal mühəndisliyində mühüm rola malik olduğunun müəyyən edilməsi ilə əlaqədar olduğunu bildirib.
Ustad dərsləri tələbələrin mövzularla bağlı suallarının cavablandırılması ilə davam edib.