Kimya fakültəsinin alimlərinin növbəti uğuru
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin professoru İbrahim Məmmədov və dosenti Farid Nağıyev, qardaş Türkiyənin Bartin və Bezmialem Vakıf Üniversitetlərinin alimləri Parham Taslimi, Nastaran Sadeghian, Halil Şenol, eləcə də Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Viktor Xrustalyov ilə “Yeni tetrahidro-izoxinolin törəmələri xolinesteraza və α-qlikosidaza inhibitorları kimi: sintezi, xassələri, molekulyar dokinq və dinamikası, ADME proqnozlaşdırılması, in vitro sitotoksiklik və enzim inhibitoru tədqiqatları” adlı birgə məqaləsi nüfuzlu Journal of Molecular Liquids (Q-1, İF-6 və CiteScore-9.7) jurnalında nəşr olunmuşdur.
Alzeimer xəstəliyi beyin yaddaşının zəifləməsi, eləcə də pozulması ilə xarakterizə olunan neyrodegenerativ, diabet isə insulin çatışmazlığı nəticəsində qanda qlükoza səviyyəsinin yüksəlməsi ilə xarakterizə olunan xəstəliklərdir və dünyada milyonlarla insan bunlardan əziyyət çəkir. Hazırda donepezil, rivastigmine, galantamine, tacrine Alzeimer, voglibose, miglitol, acarbose və s. şəkərli diabet xəstəliklərinin müalicəsində istifadə olunaraq xəstəliyin simptomlarını müvəqqəti yüngülləşdirsə də, ishal, qarın ağrısı, şişkinlik və s. kimi yan təsirlərə malikdir. Bu səbəbdən də göstərilən xəstəliklərin müalicəsində daha effektiv və zərərsiz dərmanlar hazırlamaq üçün yeni araşdırmalar davam etməkdədir.
Təqdim olunan işdə xalkonlar və asetoasetanilid əsasında Bakı Dövlət Universitetində sintez olunan yeni izoxinolin törəmələri Alzeimer və şəkərli diabet xəstəiklərinə qarşı sınaqdan keçirilmişdir. Sınaqdan keçirilən maddələlin mövcud tacrine və donepezildən, eləcə də miglitol və akarbozadan iki dəfə effektiv təsir göstərməsi müəyyən olunmuşdur. Bundan əlavə, in vitro sitotoksik tədqiqatların nəticələri göstərmişdir ki, bu birləşmələr insan endotel (HUVEC), insan embrion böyrək (HEK-293) və insan bronxial epitelial hüceyrələrinə (BEAS-2B) qarşı ən aşağı toksiklik nümayiş etdirir.
Tədqiqatların daha bir maraqlı tərəfi isə eyni bir maddənin R və S optiki izomerlərindən yalnız birinin dərman kimi effektiv olmasını göstərmişdir.