Kimya fakültəsinin tələbələri “İlin tələbəsi” və “İlin qrup nümayəndəsi” nominasiyaları üzrə təltif olundu
Bakı Dövlət Universitetinin Kimya fakültəsində tələbələrin sosial fəallığını təşviq etmək, onların təhsil və ictimai sahələrdəki uğurlarını qiymətləndirmək məqsədilə fakültə Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “İlin tələbəsi” və “İlin qrup nümayəndəsi” nominasiyaları üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qeyd olunub ki, bu nominasiyalar tələbələr arasında motivasiyanı artırmaqla yanaşı, onların şəxsi inkişafına da müsbət təsir göstərir. Hər iki nominasiya üzrə namizədlər TGT tərəfindən toplanan məlumatlar və fakültə rəhbərliyinin rəyinə əsasən müəyyən olunub. “İlin tələbəsi” nominasiyası ilə tələbələr akademik müvəffəqiyyəti, elmi konfranslarda iştirakı və ictimai fəallığı ilə seçiliblər. “İlin qrup nümayəndəsi” nominasiyası isə qrup daxilində təşkilatçılıq bacarığı, məsuliyyətli yanaşması və tələbə-müəllim əlaqələrinin gücləndirilməsində göstərdiyi təşəbbüslərə görə fərqlənən qrup nümayəndələrinə təqdim edilib. Mükafat alan tələbələrə TGT tərəfindən təşəkkürnamələr təqdim olunub. Onlar çıxış edərək göstərilən diqqət və etimada görə təşəkkürlərini bildiriblər və bu cür təşəbbüslərin davamlı olmasının motivasiyanı daha da artıracağını qeyd ediblər.