Kimya - həyatımızın bir parçasıdır
13 may 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimyanın tədrisi metodikası” kafedrasının təşkilatçılığı ilə Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 saylı tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Kimya gecəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə dövlət himni səsləndirilmiş, Ulu öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha çox kimyanın möcüzələri və ecazkar tərəfləri ilə tanışlıq xarakteri daşıyan “Kimya gecəsi” kimyanın əyləncəli təcrübələri və şagirdlərin müsiqi nömrələri ilə zəngin olmuşdur. Tədbir iştirakçıları məktəbin VII sinif şagirdlərinin ifasında “Uzundərə” rəqsinə tamaşa etdikdən sonra Kimya fakültəsinin təcrübəçi tələbələri və məktəbin şagirdləri tərəfindən müxtəlif əyləncəli kimyəvi təcrübələr nümayiş etdirilmişdir. Göstərilən təcrübələr tədbirdə iştirak edən müəllim və şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbirin davamında məktəbin VII sinif şagirdləri Rəna Əlizadə “Bilmədim yar”, Məhəmmədəli Qədirli “Dağlar qızı Reyhan” musiqi nömrələri ilə çıxış etmiş, VII, VIII və IX sinif şagirdlərinin ifasında “Şən Azərbaycan” mahnısı səsləndirilmişdir. Tədbirin sonunda səhnəyə BDU-nun Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, “Kimyanın tədrisi metodikası” kafedrasının müdiri Xəlil Nağıyev, metodist müəllim Esmira Rəsulova, Bakı şəhər 19 saylı tam orta məktəbin direktoru Nailə Cəfərova, məktəbin kimya müəllimləri Arifə Dadaşova və Xatirə Allahverdiyeva dəvət olunmuşdur. Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov çıxış edərək tədbir iştirakçılarını fakültə rəhbərliyi adından salamladı və təşkil olunmuş tədbirin Bakı Dövlət Universitetinin Kimya fakültəsinin və 19 saylı məktəbin həyatında əlamətdar hadisə olduğunu qeyd etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının tarixindəki önəmli yerindən danışdı və Kimya fakültəsinin təcrübəçi tələbələrinin pedoqoji praktikada qazandıqları uğurlardan, bu müddət ərzində gələcəyin yüksək ixtisaslı kadrları kimi yetişməsi üçün böyük təcrübə topladığını qeyd etdi. “Kimyanın tədrisi metodikası” kafedrasının müdiri Xəlil Nağıyev çıxış edərək tədbirin təşkilində hər cür dəstək göstərən məktəbin rəhbərliyinə, müəllim və şagirdlərinə, təcrübəçi tələbələrə və tədbir iştirakçılarına öz təşəkkürlərini bildirdi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.