Fakültədə Respublika Elmi Konfrans keçirildi
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının 80 illik yubileyinə həsr olunmuş “Kimya və kimya texnologiyasında müasir yanaşmalar” adlı Respublika elmi konfransı keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov bildirib ki, konfrans bir neçə əlamətinə görə aktualdır. Bu il Azərbaycan dövlətinin qurucusu, neft strategiyasının banisi, Ümümimilli Lider Heydər Əliyevin 100 illlik yubileyi bütün ölkəmizdə olduğu kimi, BDU-da da böyük sevgi və ehtiramla qeyd olunur. Bu il həmçinin Vətən müharibəsində qələbəmizin üçüncü ildönümünü suverenliyimizi tam bərpa etməklə qeyd edirik. Hüseyn Məmmədov Neft kimyası və neft texnologiyası kafedrasının ölkədə neft sənayesinin inkişafında xüsusi çəkiyə malik olduğunu bildirib. Qeyd edib ki, 80 illik yubileyi keçirilən kafedranın yaradıcısı dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevdir. Daha sonra natiq BDU-da elmi tədqiqatların səviyyəsi, beynəlxalq bazalarda indeksləşməsi, eləcə də yeni ixtisasların yaranması haqqında məlumat verib.
Kimya fakültəsinin dekanı Fuad Kərimli Azərbaycanda neft strategiyasının banisi, Ulu Öndər Heydər Əliyev, eləcə də onun layiqli davamçısı Prezident İlham Əliyevin neft-qaz sənayesinin inkişafında xidmətləri barədə məlumat verib. Bildirib ki, Azərbaycanın iqtisadi uğurlarının başlanğıc mərhələsi dahi şəxsiyyət Heydər Əliyevin neft strategiyası ilə birbaşa bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi həm birinci, həm də ikinci mərhələdə neft strategiyasının inkişafı istiqamətində mühüm addımlar atıb, sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft sənayesi də dinamik inkişaf mərhələsinə qədəm qoyub. Müstəqil Azərbaycanın enerji layihələri, neft-qaz strategiyası tarixə Ulu Öndərin adıyla düşüb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”, Ulu Öndərin şəxsi nüfuzu, diplomatik məharəti nəticəsində əsası qoyulan yeni neft strategiyası Azərbaycanın gələcək inkişafının əsaslarını yaradıb. Ümummilli Liderin neft-qaz sənayesinin inkişafı üçün atdığı tarixi addımlar indiki güclü Azərbaycanın reallıqlarını və nəticə etibarilə Qarabağın azadlığını təmin edib. Sonra fakültə dekanı Neft kimyası və kimya texnologiyası kafedrasının inkişaf tarixi haqqında məlumat verib.
Daha sonra akademik Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiyası fakültəsinin dekanı Sevinc Məmmədxanova, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov, kafedranın professoru Musa Bayramov uğurlu neft siyasəti, torpaqların işğaldan azad olunması, kafedranın tarixi və elmi əlaqələri, neft kimyasının aktual problemləri haqqında fikirlərini konfrans iştirakçılarının nəzərinə çatdırıblar.
Konfrans öz işini plenar və bölmə iclaslarında davam etdirib.