“Kimyanın möcüzələr aləmi” adlı tədbir keçirildi
19 may 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə Bakı şəhəri 176 saylı tam orta məktəbdə “Kimyanın möcüzələr aləmi”adlı tədbir keçirilmişdir. Tədbirdə dövlət himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri Kimyanın tədrisi metodikası kafedrasının müdiri Xəlil Nağıyev açaraq tədbir iştirakçılarını salamladı, belə tədbirlərin şagirdlərin elmə marağının artırılmasında, təcrübəçi tələbələrin gələcəyin müəllimləri kimi formalaşmasında və öz sənətinə maraqlarının güclənməsində böyük rol oynadığını qeyd etdi. Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov fakültənin dekanı Fuad Kərimlinin səmimi salamlarını tədbir iştirakçılarına çatdırdı və bu gün təşkil olunmuş tədbirin kimya fakültəsi və 176 saylı məktəb arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadığnı dedi. Ümumilli Lider Heydər Əliyevin Respublikamızda gənclərin yüksək səviyyədə təhsil almaları üçün qayğı göstərdiyini, kimya sənayesinin inkişafına böyük töhvələr verdiyini vurğuladı. Tədbirin təşkilində dəstək göstərən müəllim və şagirdlərə, təcrübəçi tələbələrə minnətdarlığını bildirdi. Kimyanın real həyatda rolu və ecazkar tərəfləri ilə tanışlıq xarakteri daşıyan “Kimyanın möcüzələr aləmi” əyləncəli kimya təcrübələri, şagirdlərin şeir, səhnəcik və musiqi nömrələri ilə davam etdi. Tədbir iştirakçıları məktəbin Vll sinif şagirdlərinin “Qarabağ kompozisiyası” rəqsinin nümayişindən sonra Kimya fakültəsinin təcrübəçi keçən tələbələri və məktəbin şagirdləri tərəfindən “Süni vulkan”, “Fil dişi məcunu”, “Süni qan”, və “Sehrli çubuq” kimyəvi təcrübələri nümayiş etdirildi. Göstərilən təcrübələr tədbirdə iştirak edən qonaqlar, müəllimlər və şagirdlər tərəfindən böyük maraqla qarşılandı. Tədbirdə Vll sinif şagirdləri kimyaya aid şeirlər ifa etmiş, “Karbonun vəsiyyəti” və “Mendeleyevin yuxusu” səhnəciklərini canlandırmış, “Dövri sistem”, “Kimya” və “Elementlər” şeirlərini söyləmiş və “Kimya haqqında maraqlı faktlar” təqdim etdilər. Tədbirin sonunda tədbirdə fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim edildi və xatirə şəkilləri çəkildi.