“Kimyanın möcüzələri” adlı tədbir keçirildi
15 may 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimyanın tədrisi metodikası” kafedrasının təşkilatçılığı ilə Bakı şəhəri Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Kimya gecəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə dövlət himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri “Kimyanın tədrisi metodikası” kafedrasının müdiri Xəlil Nağıyev açaraq tədbir iştirakçılarını salamladı və fakültənin dekanı Fuad Kərimlinin səmimi arzularını çatdırdı. Bu gün təşkil olunmuş tədbirin Bakı Dövlət Universitetinin Kimya fakültəsinin və 135 saylı məktəbin həyatında əlamətdar hadisə olduğunu qeyd etdi. Ümumimilli Lider Heydər Əliyevin Respublikamızda bütün digər sahələr kimi kimya elminin və kimya sənayesinin inkişafına böyük töhvələr verdiyini, onun hakimiyyətinin ilk illərindən etibarən yüksək nailiyyət əldə etmiş gənclərin ali məktəblərin kimya ixtisası üzrə fakültələrinə daha önəm verdiyini, bunun da nəticəsində bütün dünyada tanınan kimyaçı kadrların hazırlandığını vurğuladı. Bu cür tədbirlərin Kimya elminin həyatımızda nə qədər mühüm əhəmiyyət kəsb etdiyini göstərməklə yanaşı, şagirdlərin bu elmə marağının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyi qeyd etdi. Tədbirin təşkilində hər cür dəstək göstərən məktəbin rəhbərliyinə, müəllim və şagirdlərinə, təcrübəçi tələbələrə və ümumiyyətlə tədbirin təşkilində əməyi olan hər kəsə öz dərin minnətdarlığını bildirdi. 135 nömrəli tam orta məktəbin direktor müavini Fənarə Mahmudova çıxış edərək görkəmli alimlər Yusif Məmmədəliyev və Lev Landaunun dünyada elmin inkişafında rolundan, kimya elminin inkişafından, bu il Respublikamızda keçiriləcək COP 29 konfransının əhəmiyyətindən danışdı. Məktəbdə təşkil olunan tədbir üçün fakültə rəhbərliyinə və təcrübəçi tələbələrə öz minnətdarlığını bildirdi, təcrübəçi tələbələrin keçdiyi açıq dərslərə dair yüksək fikirlər söylədi. Metodist müəllim Aynurə Ələkbərli çıxış edərək tədbir iştirakçılarına, məktəb rəhbərliyinə öz təşəkkürlərini bildirdi. Daha çox kimyanın möcüzələri və ecazkar tərəfləri ilə tanışlıq xarakteri daşıyan “Kimya gecəsi” kimyanın əyləncəli təcrübələri, şagirdlərin şeir, səhnəcik və musiqi nömrələri ilə zəngin olmuşdur. Tədbir iştirakçıları məktəbin VIII sinif şagirdi Abbas Aslanovun ifasında “Qarabağ” mahnısını dinlədikdən sonra Kimya fakültəsinin təcrübəçi tələbələri və məktəbin şagirdləri tərəfindən “Süni vulkan”, “Süni qan”, “Yanmayan alov”, “Fil dişi məcunu”, “Karbon qazının alınması” kimyəvi təcrübələri nümayiş etdirilmişdir. Göstərilən təcrübələr tədbirdə iştirak edən qonaqlar, müəllimlər və şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbirin davamında məktəbin VIII sinif şagirdi Abbas Aslanov və VI sinif şagirdi Aylin Yusifova “Şuşanın dağları” mahnısını ifa etmiş, VII, VIII və IX sinif şagirdləri “Oksigen məhkəməsi” və “Fosfor” səhnəciklərini nümayiş etdirmiş, “Dövri sistem”, “Kimya” və “Elementlər” şeirləri dinlənilmiş, “Tapmacalar”, “Kimya haqqında maraqlı faktlar”, “Kimya haqqında məlumat” və “Kimyanın bölmələri” adlı oyunlar təqdim etmişdir. Məktəbin VI və VII sinif şagirdləri “Uzundərə” rəqsini ifa etmiş, təcrübəçi tələbələr tərəfindən “Heydər Əliyev və kimya sənayesi” və “Azərbaycan kimyaçıları” mövzularıda məlumat xarakterli məruzələr dinlənilmişdir. Tədbirdə 135 saylı məktəbin müəllimləri, BDU-nun Kimya fakültəsinin “Kimyanın tədrisi metodikası” kafedrasının əməkdaşları Aytən Əsgərova, Gülnarə Dürüskari və Esmira Rəsulova iştirak etmişdir. Tədbirin sonunda tədbirdə fəal iştirak edən şagirdlərə və təcrübəçi tələbələrə sertifikatlar təqdim edilmiş və xatirə şəkilləri çəkilmişdir.