“Kimyanın sehri” adlı elmi-praktik tədbir keçirildi
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Kimyanın sehri” adlı elmi-praktik tədbir keçirilmişdir. Tədbir çərçivəsində fakültə tələbələrinin iştirakı ilə bir sıra maraqlı kimyəvi təcrübələr — “Fil dişi reaksiyası”, “Vulkan reaksiyası”, “Bixromat-xromat rəng dəyişmə reaksiyası”, “Süni qan reaksiyası” və “Soyuq alov reaksiyası” nümayiş etdirilmişdir. Təcrübələrin əsas məqsədi tələbələrdə kimyəvi reaksiyaların mexanizmlərinə dair bilik və anlayışları möhkəmləndirmək, elmi proseslərin praktik tərəflərini əyani şəkildə nümayiş etdirmək olmuşdur. Tədbir zamanı nümayiş etdirilən reaksiyaların həm nəzəri izahı, həm də praktiki tətbiqi barədə ətraflı məlumat verilmişdir. Keçirilən təcrübələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, tələbələr müxtəlif maddələrin qarşılıqlı təsiri nəticəsində baş verən rəng dəyişmələri, qaz ayrılması və istilik effekti kimi fiziki və kimyəvi hadisələri yaxından müşahidə etmişlər. Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilmişdir.