“Kimyanın tədrisi metodikası kafedrası”nda elmi seminar keçirilib
06 aprel 2022-ci il tarixində Bakı Dövlət Universiteti Kimya Fakültəsi “Kimyanın tədrisi metodikası kafedrası”nda “Kompüter proqramlarının kimyaya inteqrasiya edilmiş modeli əsasında kimyəvi biliklərin tədrisinin təşkili” mövzusunda elmi seminar keçirilmişdir.
Məruzəçi kafedranın saat hesabı müəllimi Cəmilə Quluzadə online və əyani mühazirələr arasında aralıq mövqe yarada biləcək “Kahoot” proqramını təqdim etmişdir. O, “Lütfi Zadə”nin “Qeyri-səlis məntiq" nəzəriyyəsi baxımından yanaşaraq bu tətbiqin mümkünlüyünü əsaslandırmış və “Francesko Crillo”nun “Pomodoro” texnikasından istifadə edərək 90 dəqiqəlik mühazirə zamanını 3 dilimə ayırmağın səmərəliliyini göstərmişdir. Mühazirənin hər 25 dəqiqə müddətinin tamamında 5 dəqiqə “Kahoot” proqramından istifadə edərək tələbələrə müxtəlif tapşırıqlar verməklə həm dərsi maraqlı etmək, həm də oxunmuş mühazirənin tələbələr tərəfindən necə mənimsənildiyini müəyyən etmək olar.
Çıxışdan sonra Kamil Haqverdiyev, Aytən Əsgərova, Gülnar Dürüşkari, Lalə Nəsibova, Yasin Cəfərov məruzəçiyə müxtəlif suallarla müraciət etmişlər. Maraqlı müzakirələrdən sonra Elmi seminar öz işini yekunlaşdırmışdır.