Kimyanın tədrisi metodikası kafedrasında elmi seminar keçirildi

Kimyanın tədrisi metodikası kafedrasında elmi seminar keçirilmişdir. Seminarda kafedranın II kurs magistrantı Şəbnəm Mirzəyeva “Təhsil prosesində ekoloji biliklərin verilməsinin şagird fəllığını inkişaf etdirmə məqsədi” mövzusunda məruzə etmişdir. Ş.Mirzəyeva ekoloji biliklərin tədris prosesinə inteqrasiyasının iqlim dəyişikliyi, ekoloji çirklənmə, təbii resursların azalması və s. kimi qlobal problemlərin olduğu müasir dövrdə mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Şagirdlərdə erkən yaşlardan ekoloji şüurun formalaşdırılması onların gələcəkdə məsuliyyətli və ekoloji problemlərin həllinə yönəlmiş şəxsiyyət kimi formalaşmasına kömək edir. Bu məqsədlə məktəblərdə layihə əsaslı fəaliyyətlər, təbiətə ekskursiyalar və interaktiv öyrənmə üsulları effektiv sayılır. Praktiki işlərin mümkün olmadığı hallarda İKT və virtual laboratoriyalar (məsələn, ChemCollective və Labster) vasitəsilə ekoloji biliklərin verilməsi mümkündür. Belə yanaşmalar şagirdlərin həm nəzəri, həm də praktiki bacarıqlarını inkişaf etdirir və nəticədə, ekoloji təhsil şagirdləri daha məlumatlı və cəmiyyətin ekoloji problemlərinə həssas vətəndaşlar kimi formalaşdırır. Seminarda kafedranın professor-müəllim heyəti və kafedranın magistranları iştirak etmişdir.