Kimyanın tədrisi metodikası kafedrasında növbəti elmi seminar keçirildi
-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının magistrantı Şabanova Səbinə Məhəmməd qızının “Kimyanın tədrisində sinifdaxili və sinifdənkənar fəaliyyətlərin inteqrasiyası yolu ilə şagirdlərdə tənqidi və məntiqi təfəkkürün inkişafı” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kafedra müdiri, prof.Xəlil Nağıyev iştirakçıları salamlamış, kafedrada görülən işlər və elmi seminarların əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Elmi seminarda Şabanova Səbinə kimyanın tədrisində sinifdaxili və sinifdənkənar fəaliyyətlərin inteqrasiyası şagirdlərdə tənqidi və məntiqi təfəkkürün inkişafı üçün mühüm pedaqoji yanaşmadır. Bu yanaşma şagirdlərin yalnız nəzəri bilikləri mənimsəməsi ilə kifayətlənmir, eyni zamanda onların bilikləri real həyat situasiyalarında tətbiq etmə bacarıqlarını da formalaşdırır. Sinifdaxili fəaliyyətlər zamanı müəllim interaktiv metodlardan – problem əsaslı təlim, müzakirə, debat, eksperimentlər və qrup işlərindən istifadə etməklə şagirdlərin analitik düşünmə qabiliyyətini inkişaf etdirir. Bu prosesdə şagirdlər səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, fərziyyələr irəli sürür və onları yoxlamağa çalışırlar ki, bu da məntiqi təfəkkürün formalaşmasına xidmət edir. Sinifdənkənar fəaliyyətlər isə bu biliklərin daha geniş mühitdə tətbiqinə şərait yaradır. Kimya dərnəkləri, elmi layihələr, olimpiadalar, laboratoriya ekskursiyaları və gündəlik həyatla bağlı tədqiqat tapşırıqları şagirdlərin müstəqil araşdırma aparmaq, informasiya toplamaq və nəticə çıxarmaq bacarıqlarını gücləndirir. Bu fəaliyyətlər tənqidi təfəkkürün inkişafında xüsusi rol oynayır, çünki şagirdlər müxtəlif mənbələri müqayisə edir və əldə etdikləri məlumatları qiymətləndirməyi öyrənirlər. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşmışdır.