Akademik Rəfiqə Əliyevanın məzarı ziyarət edilib
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin kollektivi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əliyevanın anadan olmasının 90 illik yubileyi münasibəti ilə Fəxri xiyabana gələrək onun xatirəsini yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik olan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər BDU-nun Analitik kimya kafedrasında işləyib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olmuş akademik ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edib.
Akademik Rəfiqə Əliyevanın əziz və unudulmaz xatirəsi öz taleyini bağladığı və inkişafına böyük töhfələr verdiyi BDU-da həmişə ehtiramla yad edilir. Yaxın günlərdə BDU-nun təşkilatçılığı ilə görkəmli alimin 90 illik yubileyinə həsr edilmiş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.