“Konstitusiyanın gücü – Xalqın gücü!” adlı maarifləndirici təlim keçirilib
24 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetində "BDU Könüllüləri" təşkilatının Kimya və Hüquq fakültəsi könüllülərinin birgə təşkilatçılığı ilə "Konstitusiya və suverenlik ili" çərçivəsində “Konstitusiyanın gücü – Xalqın gücü!” adlı maarifləndirici təlim baş tutub. Tədbir "BDU Könüllüləri" təşkilatının Kimya fakültəsi üzrə sədri Röyal Yusiflinin açılış nitqi ilə başlayıb. O, tədbirin məqsədini vurğulayaraq, gənclərin hüquqi biliklərinin artırılmasının vacibliyini qeyd edib və iştirakçılara uğurlar arzulayıb. Daha sonra Hüquq fakültəsinin 4-cü kurs tələbəsi İsmət Bayramov və "BDU Könüllüləri" təşkilatının Hüquq fakültəsi üzrə sədri Ələm Nəbizadə çıxış edərək, konstitusiyanın mahiyyəti, onun vətəndaş hüquqları və azadlıqları sahəsində rolu, eləcə də tələbələrin gündəlik həyatında hüquqi biliklərin əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Təlim boyunca iştirakçılar insan hüquqları, tələbə hüquqları və gündəlik hüquqi münasibətlərə dair mövzular ətrafında interaktiv müzakirələr aparıb, real həyatdan nümunələrlə hüquqi məsələləri müzakirə ediblər. Çıxışlar zamanı iştirakçıların verdiyi suallar cavablandırılıb, praktik hüquqi biliklərin tətbiqi yolları izah olunub. Maarifləndirici və interaktiv formatda keçirilən tədbir gənclərin hüquqi savadlılığının artırılması istiqamətində uğurlu addım kimi qiymətləndirilib.