Külək oyadan çərşənbə
Bu gün xalqımız çərşənbələrdən 3-cü olan Yel, hava çərşənbəsini qeyd edir.
Qədim inanclara görə, bu çərşənbədə oyanan yel və külək hər yeri dolaşır, artıq oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni bahar nəfəsi verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə də deyirlər. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsinin, hənirtisinin, təravətinin simvoludur. Adət-ənənələrimizə sadiq qalaraq hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, bütün ağırlığın-uğurluğun ötən ildə qalması niyəti ilə edilir. Evlərdə aş dəmlənir, süfrəyə növbənöv şirniyyatlar qoyulur, yumurtalar rəngarəng boyanır. Yel çərşənbəsi günü süfrədə şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur. Yenicə boy atmış böyümüş səməninin ortasına qırmızı lent bağlanır. Yel çərşənbəsində ilaxır çərşənbəyə və bayram axşamına hazırlıq görülür. Küləyin xalqımızın üzərindən hüznlü, qəmli günləri uzaqlara aparması, xoş günləri, xeyir-bərəkət, sülh və əmin-amanlıq gətirməsi diləyi ilə Yel çərşənbəniz mübarək olsun!