“Laçın-Vətənimizin göz bəbəyi” adlı tədbir keçirildi
Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 1 dekabr Laçın rayonunun işğaldan azad olunmasına həsr olunmuş “Laçın-Vətənimizin göz bəbəyi” adlı tədbir keçirilmişdir. Tədbir Dövlət himninin səsləndirilməsi, Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük əks-hücumu əməliyatları zamanı döyüş meydanında qazanılmış misilsiz qələbə siyasi müstəvidə də öz təsdiqini tapıb-ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qalıb və bununla da tarixi ədalət bərpa olunub. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatandan sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci ilin dekabrın 1-də təhvil verilib. Tədbirdə Laçın təbiətinin gözəlliyindən, zəngin faydalı qazıntılarlarından, tarix-mədəniyyət abidələrindən bəhs edilmişdir. II kurs tələbəsi Zəkiyyə Məmmədova, I kurs tələbələri Ayan Cəfərzadə, Leyla Babayevanın hazırladığı ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Azərbaycan ordusunun qəhrəmanlığını, Laçın şəhərinin işğaldan azad olunmasını əks etdirən videoçarx nümayiş olunub.