“Məzunlarla görüş” çərçivəsində elmi seminar keçirildi
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Məzunlarla görüş” çərçivəsində elmi seminar keçirilmişdir. “Ağıllı materiallar və sensor texnologiyaları” mövzusuna həsr olunan seminarın məruzəçisi GEN Pharma Caucasus şirkətində kvalifikasiya üzrə mühəndis və fakültənin məzunu Elmir Paşalı olmuşdur. Seminarın açılış hissəsində Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək bu kimi tədbirlərin tələbələrin elmi dünyagörüşünün formalaşmasında, onların gələcək karyera seçimində mühüm rol oynadığını vurğulamışdır. O, məzunların uğurlarının tələbələr üçün motivasiya mənbəyi olduğunu qeyd edərək, universitet–məzun əlaqələrinin gücləndirilməsinin əhəmiyyətindən danışmışdır. Daha sonra söz alan Elmir Paşalı seminar çərçivəsində ağıllı materiallar və sensor texnologiyalarının müasir elmdə və sənayedə rolu barədə öz təqdimatı ilə çıxış etmişdir. O, çıxışında ağıllı materiallara ümumi giriş verərək, onların əsas növləri və xüsusiyyətləri haqqında məlumat paylaşmış, bu materialların molekulyar əsaslarını izah etmişdir. Eyni zamanda sensor texnologiyalarının işləmə prinsipləri, ağıllı materiallarla qarşılıqlı əlaqəsi və bu sahələrin kəsişmə nöqtələri xüsusi vurğulanmışdır. Məruzəçi real tətbiqlərdən nümunələr təqdim edərək, bu texnologiyaların tibbdə, sənayedə və gündəlik həyatda istifadəsini izah etmiş, kimya və kimya mühəndisliyi baxımından mövcud perspektivlərə toxunmuşdur. Seminarın sonunda isə gələcək trendlər haqqında fikirlər səsləndirilmiş və mövzu üzrə ümumi yekun aparılmışdır. Tədbir interaktiv müzakirə şəraitində davam etmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır. Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və onların elmi biliklərinin genişlənməsinə töhfə vermişdir.