Musa Bayramovun 85 yaşı tamam olur
Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının “Alkenilfenollar kimyası” ETL-nın müdiri, kafedranın professoru Bayramov Musa Rza oğlunun 2023-cü il mart ayının 4-də 85 yaşı tamam olur.
Musa Bayramovun elmi fəaliyyəti 1965-ci ildə BDU-nun kimya fakültəsini bitirdikdən sonra 1965-1969-cu illərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu, 1969-cu ildən isə Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. O, 1969-cu ildən Neft-kimyası və kimya texnologiyası kafedrasının dosenti, 1979-2019 illərdə kafedra müdiri vəzifəsində çalışmışdır.
Onun əsas elmi yaradıcılığı polifunksional monomerlər olan alkenilfenolların sintezi, onlar əsasında reaksiyayaqabil oliqomer və polimerlərin, kompozisiya materiallarının alınması ilə bağlıdır. Elmi-pedaqoji fəaliyyətinin nəticəsi olaraq onun 500-dən çox elmi əsəri, o cümlədən 60 müəlliflik şəhadətnaməsi, 16 dərslik və vəsaiti, 3 monoqrafiyası işıq üzü görmüş, rəhbərliyi ilə 25 kimya üzrə fəlsəfə doktoru və elmlər doktoru müdafiə etmişdir.
Musa Bayramov BDU-nun 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.
Bayramov Musa Rza oğlunun 50 ildən çox elmi-pedaqoji fəaliyyəti və 85 yaşının tamam olması münasibət ilə kimya fakültəsinin kollektivi adından təbrik edir, can sağlığı, yeni-yeni uğurlar arzu edirik.