“Müstəqil Azərbaycan: Dünən, bu gün, sabah” adlı tədbir keçirilib
16 Oktyabr 2025 10:13

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Müstəqil Azərbaycan: Dünən, bu gün, sabah” adlı tədbir keçirilib. Tədbirin məqsədi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətini tələbələrə çatdırmaq, gənclərdə milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik hisslərini gücləndirmək olub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxışında Azərbaycanın müstəqillik yolunun çətin, lakin şərəfli mərhələlərindən bəhs edib. O, qeyd edib ki, Azərbaycan xalqı XX əsrin əvvəlində müstəqil dövlət qurmaqla tarixdə mühüm bir səhifə açıb. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və İslam aləmində ilk demokratik respublika kimi müstəqillik, azadlıq və dövlətçilik ənənələrinin əsasını qoyub. Cümhuriyyətin cəmi 23 ay yaşamasına baxmayaraq, onun dövlətçilik təcrübəsi müasir Azərbaycanın ideoloji və siyasi dayaqlarından birinə çevrilib. Taleh Qəhrəmanov vurğulayıb ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”-nın qəbul edilməsi xalqımızın azadlıq arzularının reallaşmasının tarixi nəticəsi olub və bu hadisə milli dövlətçilik tariximizdə yeni bir mərhələnin başlanğıcını qoyub. Çıxış zamanı qeyd olunub ki, müstəqilliyin ilk illərində Azərbaycan ağır siyasi və iqtisadi böhranla, həmçinin Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalıb. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik, inkişaf və dövlət quruculuğu prosesi bərpa olunub. O həmçinin vurğulayıb ki, I Qarabağ müharibəsi dövründə xalqımız torpaqlarının bir hissəsini itirsə də, müstəqillik ideyası heç zaman sarsılmayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, bu isə müstəqilliyimizin möhkəmlənməsinin və dövlətimizin qüdrətinin təntənəsi olub. Hazırda isə ölkəmiz postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirərək müstəqilliyin sabahına – daha güclü və müasir dövlətə doğru irəliləyir. Tədbir tələbələrin fəal iştirakı ilə davam edib. III kurs tələbəsi Nəzrin Ağazadə müstəqilliyə həsr olunmuş şeir səsləndirib, II kurs tələbəsi Ayna Kazımova isə “18 oktyabr – Müstəqilliyin bərpası günü” adlı çıxışı ilə çıxış edib. Sonda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası günü – 18 oktyabr münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Son XƏBƏRLƏR
08.12.2025 | 11:53
Tələbəmiz “İlin könüllüsü” nominasiyası üzrə təltif edilib
08.12.2025 | 11:13
Analitik kimya kafedrasında növbəti elmi seminar keçirildi
05.12.2025 | 11:07
Professor İbrahim Məmmədov akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar tədbirdə iştirak edib
05.12.2025 | 11:03
İkili diplom layihəsi üzrə elmi seminar keçirildi
03.12.2025 | 11:57