“Müstəqillik yolunda: 1918-dən bu günə” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və BDU Könüllülərinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr edilmiş “Müstəqillik yolunda: 1918-dən bu günə” adlı tədbir baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Tədbirdə Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib. O, qeyd edib ki, müstəqillik hər bir xalqın milli qürur mənbəyi, azad və firavan yaşamaq haqqıdır. Azərbaycanın istiqlaliyyəti isə xalqımızın fədakarlığı, əzmkarlığı və şəhidlərimizin qəhrəmanlığı nəticəsində əldə olunmuşdur. Taleh Qəhrəmanov, həmçinin, bu əlamətdar tarixin xalqımızın tarixində əbədi iz qoyduğunu vurğulayaraq, dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib. Tədbirdə 1-ci kurs tələbəsi Aytac Sadıqova çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub saxlaya bildiyini, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionun lider dövlətinə çevrildiyini vurğulayıb. Daha sonra 2-ci kurs tələbəsi Nəzrin Ağazadə 28 May – Respublika Gününə həsr olunmuş şeir səsləndirib, 2-ci kurs tələbəsi Aydan Süleymanova isə “Anam Azərbaycan” mahnısını ifa edib. Tədbirin sonunda Respublika Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.