Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Bir kərə yüksələn bayraq bir daha enməz" adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən Müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarıxi bir hadisə idi. İkinci tarixi imkan bir də 1991-ci ildə yarandı. 1991-ci ildə Ali Sovetin qərarı ilə Müstəqillik Aktının qəbulu və Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın tarixində ən vacib hadisə oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi, dönməz etdi. Bu siyasət Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci ildən sonra xalqımız bu bayramı qalib xalq kimi qeyd edir.
Daha sonra I kurs tələbəsi Nahidə Əsgərova müstəqilliyimizin tarixi barəsində təqdimat edib, tələbələr Zəkiyə Məmmədova, Alim Məmmədov və Ayan Cəfərzadə tərəfindən şeirlər və musiqilər səsləndirilib.
Sonda müstəqil Azərbaycan Respublikasının tarixi haqqında videoçarx nümayiş olunub.