“Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirildi
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Yaşıl Dünya naminə həmrəylik ili”-nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilmişdir. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümumilli Lider Heydər Əliyevin və Qəhrəman Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlamışdır. Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov açılış nitqi ilə çıxış edərək bildirmişdir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Kimya fakültəsinin lI kurs tələbəsi Elmir Məmmədov iştirak edən tələbələri intellektual yarışın qaydaları ilə tanış etmiş və hər bir komandaya uğurlar arzu etmişdir. İntellektual oyun 3 turdan ibarət olmaqla ümumilikdə 30 sualdan ibarət olaraq təşkil edilmişdir. İntellektual yarışda “Athena”, “Zəfər”, “Aurum”, “Gizli İntellekt”, “Dahi gənclər”, “Yüksələn ulduzlar”, “Zəka ustaları”, “Yuli Sezar”, “Avengers”, “Məntiq İmperiyası” komandaları iştirak etmişdir. Oyunun qalibi “Yuli Sezar” komandası olmuşdur.