Neft kimyası və kimya texnologiyası kafedrasında elmi seminar keçirildi
17 may 2024-cü il tarixində Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının II kurs magistrantı Gülbən Məmmədovanın Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Yaşıl yanacaqlar və yanacaq əlavələri” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan fakültə dekanı Fuad Kərimli gənclərin elmə marağının artırılması məqsədilə fakültədə tələbələr arasında bir çox həvəsləndirici tədbirlərin həyata keçirildiyini, bunlara misal olaraq olimpiadaları, tələbə elmi seminarlarını və digər müsabiqələri göstərmişdir. Eləcə də, Fuad Kərimli ölkəmizdə COP-29-un bu ilin noyabr ayında keçirildiyini nəzərə alaraq bu sahədə aparılan elmi-tədqiqat işlərinə marağın daha da artdığını qeyd etmiş, fakültədə bu sahədə aparılan elmi işlərə üstünlük verildiyini bildirmişdir.
Tədbirdə “Yaşıl yanacaqlar və yanacaq əlavələri” mövzusunda çıxış edən Gülbən Məmmədova hazırda dünyada istifadə edilən yaşıl yanacaqlar, bunların içərisində biodizel və yaşıl əlavələrin payı, planetin üzləşdiyi ekoloji problemlər, bu problemlərin həllində atılan addımlar, göstərilən istiqamətdə ölkə başçısının apardığı siyasət, yaşıl enerji ilə əlaqədar Neft kimyası və kimya texnologiyası kafedrasında görülən işlər haqqında məlumatlar vermişdir.
Tədbir iştirakçıları maraqlandıran suallar və onların cavablandırılması ilə yekunlaşdırılmışdır.