Neft kimyası və kimya texnologiyası kafedrasında elmi seminar keçirildi

Elm Günü münasibətilə Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının I kurs magistraturantı Fərid Quliyevin “Aktiv karbon katalizatoru iştirakında biodizelin alınması” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kafedra müdiri iştirakçıları salamlamış, ölkəmizdə “Elm Günü”nün əhəmiyyəti, alternativ enerji mənbələrinin inkişafının strateji prioritetlərdən biri olması və yaşıl texnologiyaların tətbiqinin aktuallığı barədə ətraflı məlumat vermişdir. Daha sonra məruzəçi çıxış edərək dünyada bioyanacağa artan tələbat, tullantı materialların dəyərləndirilməsi və dövrü iqtisadiyyat prinsipləri haqqında məlumat vermişdir. Məruzədə yumurta qabığının əsas komponenti olan kalsium karbonatın kalsinasiya yolu ilə kalsium oksidə çevrilməsi, karbon daşıyıcısı üzərində CaO/C heterogen katalizatorunun hazırlanması və bu katalizatorun biodizel alınmasında tətbiqi məsələləri geniş şəkildə təqdim olunmuşdur. Eyni zamanda, turşu və qələvi kataliz mərhələlərinin mexanizmi, sərbəst yağ turşularının efirləşdirilməsi, sabunlaşma riskinin azaldılması, həmçinin əldə olunan biodizelin keyfiyyət göstəriciləri və praktik tətbiq imkanları barədə elmi nəticələr diqqətə çatdırılmışdır. Seminar qarşılıqlı müzakirələr, iştirakçıların suallarının cavablandırılması və gələcək tədqiqat perspektivlərinin müəyyənləşdirilməsi ilə yekunlaşmışdır.