Neft kimyası və kimya texnologiyası kafedrasında elmi seminar keçirildi

Bakı Dövlət Üniversitetinin Kimya fakültəsinində akademik Yusuf Heydər oğlu Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar tədbirdə Neft kimyası və kimya texnologiyası kafedrasının doktorantı Sayad Niftullayevanın “Dərin evtektik həlledicilər və onların əhəmiyyəti” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açıq elan edən kafedra müdiri İbrahim Məmmədov iştirakçıları salamlamış, akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı, Bakı Dövlət Universitetində 18.12.25-ci il tarixində görkəmli alimə həsr edilmiş Beynəlxalq konfrans, onun aviasiya benzini, toluol, karbon-4-xlorid və s. istehsalında mühüm kəşfləri haqqında məlumat vermişdir. Sonra Kimya fakültəsinin sosial məsələlər üzrə dekan müavini Taleh Qəhrəmanov akademik Yusuf Məmmədəliyevin keçdiyi şərəfli yol, əldə etdiyi elmi uğurlar, rastlaşdığı çətinliklər, irsinin öyrənilməsində gənclərdən gözləntiləri haqqında fikirlərini bildirmişdir. Tədbirin davamı olaraq Sayad Niftullayeva çıxışında görkəmli alim akademik Yusuf Məmmədəliyevin bəşəri əhəmiyyətə malik elmi araşdırmaları haqqında iclas iştirakçılarına məlumat vermişdir. Sonra ölkəmizin enerji potensialı, ekoloji təmiz yanacaqların hazırlanmasında DES-in rolu, eləcə də tətbiq istiqamətləri ilə əlaqədar görülən işlərdən bəhs etmişdir. Tələbələrlə qarşılıqlı müzakirədən sonra seminar sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.