Növbəti elmi seminar keçirilib
Kimya fakültəsində Neft kimyası və kimya texnologiyası kafedrasının sabiq doktorantı Quliyeva Şəhla Cabbar qızının «Alkenilfenollar əsasında yeni növ sorbentlərin alınması və tətbiqi» mövzusunda elmi seminarı keçirilmişdir.
Seminarda Quliyeva Şəhla qeyd etmişdir ki, alkenilfenollar əsasında ikiqat rabitə və heteroatomlu fraqmentlər saxlayan yeni sooliqomerlər sintez olunmuş, onların termiki və digər xassələri öyrənilmişdir. Alınmış doymamış sooliqomerlərin vinil monomerləri ilə (malein anhidridi, akrilonitril, stirol və s.) reaksiyasından tikili polimerlər sintez olunmuş, onların quruluşu və müxtəlif xassələri (termiki, sorbsiya) öyrənilmişdir. Alınmış polimer-sorbentlər model sistemlərdə uranil ionlarını çox yüksək (R=90-98%) sorbsiya etmişdir. Həmçinin müxtəlif yataqlardan götürülmüş neft-lay sularından ağır metalların İCP-MS cihazı vasitəsilə sorbsiyası aparılmış və yüksək sorbsiya nəticələri əldə edilmişdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında müzakirələr həyata keçirilmişdir.