Neft kimyası və kimya texnologiyası kafedrasında növbəti elmi seminarı keçirildi

“Elm günü” ilə əlaqədar Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının 1-ci kurs magistrantı Aygün Həsənovanın “Yaşıl katalizator iştirakında dihidropiridinlərin sintezi və tədqiqi” mövzusunda elmi seminarı keçirmişdir. Tədbiri giriş sözü ilə açan kafedra müdiri İbrahim Məmmədov iştirakçıları salamlamış və bildirmişdir ki, artıq səkkiz ildir 27 mart “Elm günü” elm-təhsil müəssisələrində yüksək səviyyədə qeyd edilir. Bu tarix 1945-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması günü ilə əlaqədar seçilmişdir və ölkədə elmin inkişafına verilən dövlət qayğısını nümayiş etdirir. Eləcə də, İ.Məmmədov təqdim olunacaq mövzunun əhəmiyyəti barədə ətraflı məlumat vermişdir. Sonra Həsənova Aygün çıxışında dihidropiridinlərin bioloji əhəmiyyəti, Hantz çoxkomponentli reaksiyası üzrə sintezlər, yaşıl katalizatorların və mikrodalğa üsulunun tətbiqi ilə əldə olunan birləşmələrin spektroskopik tədqiqi barədə məlumat vermişdir. Tədbir qarşılıqlı müzakirə və sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.