Kimya fakültəsində növbəti elmi seminar keçirilib
28 mart 2023-cü il tarixində Kimya fakültəsində "Neft kimyası və kimya texnologiyası" kafedrasının Neft kimyası ixtisası üzrə ikinci kurs doktorantı Niftullayeva Sayad Əlövsət qızının "Dərin evtektik həlledicilər və onların əhəmiyyəti" mövzusunda elmi seminarı keçirilib.
Seminarda Sayad Niftullayeva tərəfindən qeyd olunmuşdur ki, Dərin evtektik həlledicilər yüksək ayrıma, bioloji parçalanma, aşağı alışma kimi mühüm xüsusiyyətlərə malikdir və sintezində iqtisadi cəhətdən ucuz, zərərsiz birləşmələrdən istifadə onlara olan maraq sahəsini artırır. Bu istiqamətdə ion mayelərinin analoqları hesab edilən dərin evtektik həlledicilərin yaranma tarixindən, onların sintez üsulları, eləcə də tətbiq sahələri haqqında ətraflı məlumatlar verilmişdir. Dərin evtektik həlledicilərin iştirakı ilə neft və neft məhsullarının heteroatomlu, aromatik birləşmələrdən təmizlənməsi, sənaye miqyasında onların əhəmiyyəti vurğulanmışdır. Belə ki, bu həlledicilər yenidən regenerasiya olunaraq yanacağın tərkibində olan azotlu, kükürdlü, oksigenli və aromatik birləşmələri fərdi komponentlər şəklində ayırmağa, digər sanəye proseslərində hazır xammal kimi istifadəyə imkan verir.
Sayad Niftullayeva həmçinin yeni növ qliserin əsaslı dərin evtektik həlledicilər sintez edərilərək aparılan elmi tədqiqat işləri haqqında məlumat vermiş, yüksək nəticələrin əldə olunduğunu qeyd etmişdir.
Sonda tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.