Növbəti elmi seminar baş tutdu
Bakı Dövlət Universitetinin Kimya fakültəsində “Neft kimyası və kimya texnologiyası” kafedrasının müdiri professor İbrahim Məmmədovun təqdimatında “Kafedranın elmi istiqamətləri” mövzusunda növbəti elmi seminar baş tutmuşdur. Seminar kafedranın mərhum professoru Meyvəddin Hacıyevin əziz xatirəsinə həsr olunmuşdur.
Seminarı açıq elan edən fakültə dekanı dosent Fuad Kərimli çıxışında belə seminarların gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, qeyd etmişdir ki, fakültənin tarixi ənənələri və tanınmış elmi məktəbləri vardır. Bu elmi məktəblərin görkəmli alimlərini gənc nəsilin nümayəndələri tanımalıdır. Fakültədə həyata keçirilən elmi araşdırmalar müasir səviyyəli olmalı, tədqiqatlara magistrantlar və doktorantlarla yanaşı tələbələr də cəlb edilməlidir.
Sonra İbrahim Məmmədov mərhum professor Meyvəddin Hacıyevin elmi fəaliyyəti də daxil olmaqla, “Neft kimyası və kimya texnologiyası” kafedrasının mühüm elmi istiqamətlərilə seminar iştirakçılarını tanış etmişdir.
Seminarın sonunda professor Valeh İsmayılov Meyvəddin müəllimin şəxsiyyəti, nəcibliyi və apardığı elmi araşdırmalar haqqında fikirlərini bölüşmüşdür. Eləcə də professor Namiq Şixaliyev, dosent Misir Cavadov mərhum professor haqqında xatirələrini seminar iştirakşılarının nəzərinə çatdırmışdır.