Növbəti elmi seminar keçirilib
-lg.jpg)
27 mart “Elm Günü” münasibəti ilə Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının magistrantı Əhmədova Gülgün Xanlar qızının “Kimya dərslərində yeni biliklərin öyrənilməsində akmeo-interaktiv üsuldan istifadə edilməsi” mövzusunda elmi seminarı keçirilmişdir. Seminarda məruzəçi Əhmədova Gülgün qeyd etmişdir ki, müasir təhsil sistemində şagirdlərin yalnız nəzəri biliklərlə deyil, həm də yüksək səviyyəli düşünmə, analiz və tətbiq bacarıqları ilə formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusilə kimya fənninin tədrisində mürəkkəb mövzuların mənimsənilməsi üçün şagirdlərin fəal iştirakı, müstəqil düşünməsi və praktik fəaliyyətə cəlb olunması vacibdir. Bu baxımdan akmeoloji yanaşma və interaktiv təlim metodlarının tətbiqi şagirdlərin potensial imkanlarının inkişaf etdirilməsi və onların təlim prosesində daha yüksək nəticələr əldə etməsi üçün əlverişli şərait yaradır. Təqdim olunan mövzuda oksigen və kükürd mövzularının tədrisində akmeo-interaktiv metodların tətbiqinin pedaqoji və metodoloji əsasları araşdırılır. Bu metodların köməyi ilə şagirdlərin kimyəvi anlayışları daha dərindən mənimsəməsi, elmi təfəkkürünün formalaşması və praktik bacarıqlarının inkişaf etdirilməsi yolları təhlil edilir. Seminar çərçivəsində problemli təlim, müzakirə, qrup işi, tədqiqat tapşırıqları, didaktik oyunlar və virtual laboratoriya kimi interaktiv metodların kimya dərslərində tətbiq imkanları izah olunur. Eyni zamanda oksigen və kükürd mövzularının öyrədilməsi zamanı eksperimentlərin, vizual materialların və rəqəmsal resursların istifadəsinin təlimin effektivliyinə təsiri nəzərdən keçirilir. Nəticə olaraq qeyd olunur ki, oksigen və kükürd mövzularının tədrisində akmeo-interaktiv metodların tətbiqi şagirdlərin dərsə marağını artırır, onların müstəqil düşünmə və problem həlli bacarıqlarını inkişaf etdirir, həmçinin kimyəvi biliklərin praktik tətbiqini asanlaşdıraraq daha səmərəli və davamlı öyrənmə mühiti formalaşdırır. Əhmədova Gülgün çıxışını bitirdikdən sonra qarşılıqlı müzakirələr aparılmış, seminar sualların cavablandırması ilə yekunlaşmışdır.