Fakültədə növbəti elmi seminar keçirilib
27 dekabr 2022-ci il tarixində Kimya fakültəsində Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru Balayeva Ofeliya Oqtay qızının «CuCdS2, CdxZn1-xS və NixZn1-xS üçlü sulfid nanohissəciklərinin polimerlərlə nanokompozitlərinin alınması və fiziki-kimyəvi əsasları» mövzusunda elmi seminarı keçirilmişdir.
Seminarda Ofeliya Balayeva qeyd etmişdir ki, keçid metalların üçlü xalkogenidləri əsasında alınmış nanomaterialların ölçü və formadan asılı olaraq effektiv supertutumluluq, fotokatalitik, fotovoltaik, optik və s. xassələr nümayiş etdirdiyindən son illər onların araşdırılmasına maraq artmışdır. CuCdS2, CdxZn1-xS və NixZn1-xS üçlü sulfid nanohissəciklərinin polimerlərlə nanokompozitlərinin alınmasından, ölçü-xassə effektindən və fotokatalitik aktivliyindən bəhs etmiş, işdə nanokompozitlərin sintezinə reaksiya metodunun və parametrlərinin təsiri ətraflı müzakirə edilmişdir. Alınmış nanomateriallar litium ion batareyaları üçün elektrod material kimi, günəş panellərində yarımkeçiricilər və ekoloji məqsədlər, o cümlədən üzvi çevrilmələr üçün fotokatalizatorlar kimi tətbiq oluna bilər.
Ofeliya Balayeva geniş məruzə ilə çıxış edərək bildirimişdir ki, yeni metodlarla sintez olunmuş üçlü sulfid nanokompozitlər tullantı sularından boyaq maddələrinin və üzvi çirkləndiricilərin fotokatalitik parçalanması üçün çox əhəmiyyətli katalizatorlardır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.