Professor Mirzai Cəbrayıl İsrafil oğlunun 75 illik yubileyidir
Ölkəmizin görkəmli kimyaçı alimi Bakı Dövlət Universitetinin Kimya fakultəsinin Fiziki və kolloid kimya kafedrasının müəllimi, kimya elmləri doktoru, professor Mirzai Cəbrayıl İsrafil oğlunun 75 illik yubileyidir. Elmi-pedaqoji fəaliyyətini yüksək peşəkarlıqla həyata keçirən Cəbrayıl müəllim, kimya elminin inkişafına verdiyi töhfələri, elmə və təhsilə göstərdiyi xidmətləri ilə tələbələr və Universitet kollektivi arasında dərin hörmət qazanmışdır. C.İ.Mirzai 1950-ci il sentyabr ayının 3-də Qazax şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini bitirdikdən sonra Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnistitutunun məqsədli aspiranturasına qəbul olunmuş və Moskva şəhərinə, keçmiş SSRİ EA-nın Fiziki Kimya İnstitutuna ezam edilmişdir. Həmin institutda o, görkəmli fiziki kimyaçı alim akademik M.M.Dubininin rəhbərliyi altında Fiziki kimya ixtisası üzrə 1975-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir.1992-ci ildə Fiziki kimya ixtisası üzrə professor elmi adı almışdır. C.İ.Mirzai 1974-1991-ci illərdə AEA-nın Kimya Problemləri İnstitutunda mühəndis, kiçik, baş elmi işçi, bölmə müdiri və laboratoriya rəhbəri vəzifələrində işləmişdir. O, 1991-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Universitetinə işə qəbul olunmuş və 1999-cu ilə qədər Fiziki və kolloid kimya kafedrasının professoru vəzifəsində işləmişdir. 2016-cı ildən BDU-nun Fiziki və kolloid kimya kafedrasının professorudur. C.İ.Mirzai 1999-cu ildən 2016-cı ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının Fiziki kimya (2004-cü ildən - Fiziki və analitik kimya) kafedrasının müdiri vəzifəsində çalışmışdır. O, həm də kafedranın nəzdində fəaliyyət göstərən Ekoloji kataliz elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri olmuşdur. C.İ.Mirzainin əsas tədqiqat obyektləri sırasına sənayenin bir çox sahələrində effektiv sorbentlər və katalizatorlar kimi tətbiq olunan təbii və sintetik seolitlər daxildir. Sistemli olaraq apardığı elmi işlər nəticəsində C.İ.Mirzai seolit sistemlərinin tədqiqində yeni istiqamət inkişaf etdirmişdir.Onun elmi-tədqiqat işlərinin nəticələri 400-ə qədər elmi əsər və 5 ixtirada öz əksini tapmışdır. BDU-da fəaliyyət göstərən ED 2.16 Dissertasiya Şurasının üzvüdür. C.İ.Mirzainin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 22 kimya üzrə fəlsəfə doktoru və 2 kimya elmləri doktoru hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 18 noyabr tarixli sərəncamı ilə C.İ.Mirzai «Tərəqqi» medalı ilə, 2019-cu ildə isə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif olunmuşdur. Hörmətli Cəbrayıl müəllimi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik ediri, möhkəm can sağlığı, uzun ömür, yeni elmi uğurlar arzulayırıq.