Professor Sabit Məmmədovun 70 illik yubileyi keçirilib
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin «Fiziki və kolloid kimya» kafedrasinin professoru Məmmədov Sabit Eyyub oğlunun anadan olmasının 70, elmi pedaqoji fəaliyyətinin 50 illiyi tamam olmuşdur.
Sabit Məmmədov Azərbaycan Dövlət Universitetinin (BDU) Kimya fakültəsini bitirib, 1973-1975-ci illərdə Azərbaycan Respublikası Zaqatala şəhərinın orta məktəbində müəllim vəzifəsində işləmiş, 1978-ci ildə AMEA-nın Neft-kimya prosesləri institutunun aspiranturasına qəbul olunmuşdur. 1978-1981-ci illərdə həmin institutda kiçik elmi işçi vəsifəsində çalışmış, 1981-ci ildən ADU-nun Kimya fakültəsində baş elmi işçi, müəllim, Tədris metodiki Şuranın sədri vəzifələrində işləmişdir. 2008-ci ildən „Fiziki və kolloid kimya“ kafedrasında professor vəzifəsində çalışır.
O, iki yüzə qədər elmi əsərin, o cümlədən 5 kitab, 12 patent və 2 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 9 nəfər elmlər namizədi, 1 elmlər doktoru, 20-dən çox magistr hazırlanmışdir. Sabit Məmmədov Heterogen kataliz, Seolit katalizi sahəsində tanınmış alimdir.
2009-cu ildə “Tərəqqi” medalı ilə, 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının Yubiley Medalı ilə təltif edilmişdir.
Sabit müəllimi yubileyi münasibətilə təbrik edir, Azərbaycan kimya elminin daha da inkişafı naminə möhkəm can sağlığı, xoşbəxtlik və yorulmaz fəaliyyət arzu edirik.