Professorun təqdimatında növbəti elmi seminar
11 may 2022-ci il tarixində Kimya fakültəsində «Yüksəkmolekullu birləşmələr kimyası» kafedrasının müdiri, professor Rasim Alosmanovun «Üçölçülü fəza torlu polimerlərin termiki analizi: Ümumi və fərqli cəhətlər» mövzusunda elmi seminarı keçirilmişdir. Rasim Alosmanovun təqdimatında üçölçülü fəza torlu polimerlər, onların nanotexnologiya, biotexnologiya və biotibbi mühəndislik, qida sənayesi, hidrometallurgiya, kataliz, eləcə də tullantı sularının təmizlənməsindəki rolu haqqında qısa məlumat auditoriyanın diqqətinə çatdırılmışdır. Məruzəçi göstərilən tətbiq sahələrində polimerlərin termiki analizinin əhəmiyyətində də ətraflı bəhs etmişdir. O, tərkibində müxtəlif funksional qruplar olan polimerlərin termoqravimetrik analiz, diferensial skanedici kalorimetriya metodları ilə tədqiqini geniş şəkildə izah etmişdir. Rasim Alosmanov termiki analiz zamanı baş verən proseslərin kinetik parametrlərinin hesablanması və ayrılan birləşmələrin müəyyənləşdirilməsinin əhəmiyyətindən də danışmışdır. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.