“Qida sənayesində kimya” adlı maarifləndirici tədbir keçirildi
16 Aprel 2026 15:10

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Qida sənayesində kimya” adlı maarifləndirici tədbir keçirildi. Tədbirin əsas məqsədi tələbələrə qida sənayesində kimyanın rolu, tətbiq sahələri və bu sahədə mövcud olan yeniliklər haqqında ətraflı məlumat vermək idi. Tədbirin açılış hissəsində sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək mövzu ilə bağlı geniş məlumat verdi. O, qida sənayesində istifadə olunan kimyəvi proseslər, əlavələr və onların düzgün tətbiqinin vacibliyi haqqında danışdı, eyni zamanda tələbələrə bu sahədə biliklərini inkişaf etmələrini tövsiyə etdi. Daha sonra çıxış edənlər qida sənayesində kimyanın əhəmiyyətindən danışaraq, bu sahənin insan sağlamlığı və gündəlik həyat üçün nə dərəcədə vacib olduğunu vurğuladılar. Bildirildi ki, qida məhsullarının keyfiyyətinin qorunması, təhlükəsizliyinin təmin edilməsi və saxlanma müddətinin artırılması kimi məsələlər birbaşa kimya elmi ilə sıx bağlıdır. Həmçinin BDU Könüllüləri təşkilatının sədr müavini Ləman Lazımzadə çıxış edərək tədbirin təşkilində əsas məqsədlərdən bəhs etdi. O qeyd etdi ki, bu cür tədbirlər tələbələrin həm nəzəri biliklərini artırır, həm də onların gələcək peşə fəaliyyətinə istiqamət verir. Tədbirin davamında iştirakçılar üçün interaktiv hissə təşkil olundu. Bu mərhələdə tələbələrə mövzu ilə bağlı müxtəlif suallar ünvanlandı, onların fikirləri dinlənildi və maraqlı müzakirələr aparıldı. İştirakçılar öz bilik və təcrübələrini bölüşərək tədbirin daha dinamik və faydalı keçməsinə töhfə verdilər. Sonda tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Tələbələr belə maarifləndirici görüşlərin daha tez-tez keçirilməsinin vacibliyini vurğuladılar və təşkilatçılara təşəkkürlərini bildirdilər. Tədbir iştirakçıların yaddaşında faydalı və motivasiyaedici bir görüş kimi qaldı.
Son XƏBƏRLƏR
14.04.2026 | 16:36
Aytən Sultanovanın təqdimatında elmi seminar keçirildi
13.04.2026 | 16:37
“WUF13 Youth Simulation” adlı interaktiv simulyasiya tədbiri keçirildi
09.04.2026 | 14:52
Nübar Əliyevanın təqdimatında elmi seminar keçirildi
09.04.2026 | 14:30