“Rəqəmsal addım” adlı tədbir təşkil olunub

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) və Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Rəqəmsal addım” adlı maarifləndirici və interaktiv tədbir təşkil olunub. Tədbirin əsas məqsədi tələbələrin rəqəmsal texnologiyalar və müasir proqramlar haqqında biliklərini artırmaq, onların bu alətlərdən təhsil prosesində və kreativ layihələrdə səmərəli istifadəsini təşviq etmək olub. Tədbir çərçivəsində fakültə tələbələri tərəfindən Suno, Magic School, Gemini, Canva və Mentimeter platformaları haqqında ətraflı təqdimatlar edilib. Çıxışlarda proqramların funksional imkanları, istifadə qaydaları və tələbələr üçün yaratdığı üstünlüklər geniş şəkildə izah olunub. Bildirilib ki, bu rəqəmsal alətlər təqdimatların hazırlanması, layihələrin idarə olunması, süni intellektdən istifadə, interaktiv sorğuların təşkili və kreativ məzmunun yaradılması baxımından mühüm imkanlar təqdim edir. Tələbələr proqramların təhsil prosesində tətbiqi ilə bağlı praktiki nümunələr nümayiş etdirərək, onların gündəlik akademik fəaliyyətlərdə necə faydalı ola biləcəyini iştirakçılarla bölüşüblər. Xüsusilə Canva vasitəsilə vizual təqdimatların hazırlanması, Mentimeter platformasında interaktiv sorğuların təşkili, Gemini və Magic School kimi süni intellekt əsaslı proqramların öyrənmə prosesinə verdiyi töhfələr maraqla qarşılanıb. Suno platformasının isə yaradıcı yanaşma və rəqəmsal kontent hazırlanmasında istifadə imkanları diqqət çəkib. Tədbir interaktiv formatda davam edib, iştirakçılar çıxışlarla yaxından tanış olmuş, onları maraqlandıran sualları ünvanlandıraraq proqramların praktik tətbiqi barədə ətraflı məlumat əldə ediblər. Müzakirələr zamanı rəqəmsal bacarıqların inkişaf etdirilməsinin müasir dövrdə gənclərin həm akademik, həm də peşəkar inkişafı üçün vacib amillərdən biri olduğu xüsusi vurğulanıb. Sonda çıxış edənlər əldə olunan bilik və bacarıqların gündəlik həyat, təhsil və gələcək karyera fəaliyyətində tətbiqinin əhəmiyyətini qeyd edərək, tələbələri rəqəmsal yenilikləri daim izləməyə və bu sahədə özlərini inkişaf etdirməyə çağırıblar. Tədbir iştirakçılar tərəfindən böyük maraq və müsbət rəylərlə qarşılanıb.