Rizvan Abdullayevin 70 yaşı tamam oldu
Bu gün Bakı Dövlət Universiteti Kimya fakültəsi “Analitik kimya” kafedrasının dosenti, tələbələrin və əməkdaşların dərin hörmətini qazanmış Abdullayev Rizvan Əhməd oğlunun yubileyidir. Abdullayev Rizvan Əhməd oğlu 01 iyul 1953-cü ildə Tovuz rayonu Ibrahim Hacılı kəndində anadan olmuşdur. 1973-1975-ci illərdə o vaxtkı Sovet ordusu sıralarında xidmət etmişdir. Əsgəri xidmətdən sonra o vaxtkı leytenant Şmidt zavodunda fəhləlikdən mühəndis texnoloq vəzifəsinə qədər yüksəlmişdir. 1976-cı ildə BDU-nin kimya fakültəsinə daxil olmuş və 1982-ci ildə əla qiymətlərlə bitirmişdir. 1982-ci ildən “Analitik kimya” kafedrasında laborant, baş laborant vəzifələrində çalışmışdır. 1990-cı ildə “Analitik kimya” ixtisası üzrə namizədlik dissertasiya müdafiə etmiş və hal-hazırda “Analitik kimya” kafedrasında dosent vəzifəsində çalışır. YAP-nın üzvüdür.
Onun əsas elmi yaradıcılığı piroqallol və β-diketonlar əsasında sintez olunmuş üzvi reaktivlərlə bir sıra metal ionlarının spektrofotometrik tətqiqi, metal ionlarının təyini metodikalarının işlənməsinə həsr olunmuşdur. Dəmirin (III) β-diketonlar əsasında sintez olunmuş üzvi reaktivlərlə fotometrik təyini metodikası keçmiş SSRİ miqyasında istehsalata tədbiq olunmuşdur. Elmi-pedoqoji fəaliyyətinin nəticəsi olaraq onun 100-ə yaxın elmi əsəri, o cümlədən 2 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti çap olunmuşdur.
R.Ə.Abdullayev BDU-nun 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Yubiley medalına” və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 25 noyabr 2019-cu il 1604 nömrəli Sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adına layiq görülmüşdür.
Kimya fakültəsi ailəsi olaraq əziz Rizvan müəllimi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.