“Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş elmi seminar keçirildi

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş elmi seminar keçirilmişdir. Seminarın mövzusu “Müxtəlif tullantılardan istifadə edilərək hazırlanmış polimer kompozitlərinin quruluşunun tədqiqi” olmuşdur. Mövzu ətraf mühitin qorunması, tullantıların təkrar emalı və onların faydalı materiallara çevrilməsi baxımından aktuallığı ilə seçilmişdir. Tədbirdə məruzə ilə Kimya fakültəsinin 3-cü kurs tələbəsi Nəzrin Pirquliyeva çıxış etmişdir. O, təqdimatında polimerlərin ümumi xüsusiyyətləri, onların sənayedə geniş tətbiq sahələri və müasir materialşünaslıqda rolu barədə məlumat vermişdir. Eyni zamanda, müxtəlif növ tullantı materiallarının polimer kompozitlərin hazırlanmasında istifadəsi, bu materialların quruluş xüsusiyyətləri və tətbiq perspektivləri ətraflı şəkildə izah olunmuşdur. Bununla yanaşı, məruzəçi Çin və Sinqapur kimi ölkələrin tullantıların idarə olunması və təkrar emal sahəsindəki uğurlu təcrübələrindən, bu yanaşmaların iqtisadi inkişafla əlaqəsindən bəhs etmişdir. Xüsusilə, bu ölkələrdə tullantıların səmərəli istifadəsinin həm ekoloji problemlərin həllinə, həm də iqtisadi dəyərin yaradılmasına necə töhfə verdiyi vurğulanmışdır. Seminar iştirakçıların böyük marağına səbəb olmuş, mövzu ətrafında müzakirələr aparılmış və tələbələr tərəfindən ünvanlanan suallar məruzəçi tərəfindən cavablandırılmışdır.