“Süni intellekt və rəqəmsal texnologiyaların kimyada tətbiqi” mövzusunda elmi seminar keçirilib

Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 27 mart-Azərbaycan Respublikasında “Elm Günü”nə həsr olunmuş elmi seminar keçirilib. Seminar Xocalı faciəsində şəhid olmuş həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək Xocalı faciəsi haqqında məlumat verib, bu faciənin xalqımızın tarixindəki ağrılı izlərindən bəhs edib. O, çıxışının davamında seminarın əhəmiyyətini vurğulayaraq tədbirin spikerini iştirakçılara təqdim edib və xüsusilə kimyəvi proseslərin optimallaşdırılması, məlumatların analizi və innovativ həllərin hazırlanmasında süni intellektin imkanlarından bəhs edib. Seminarda SOCAR Downstream şirkətinin nümayəndəsi Aynur Zeynalova “Süni intellekt və rəqəmsal texnologiyaların kimyada tətbiqi” mövzusunda məruzə ilə çıxış etmişdir və müasir dövrdə süni intellekt alətlərinin kimya sahəsində rolu, rəqəmsal texnologiyaların elmi tədqiqat prosesinə inteqrasiyası və sənaye tətbiqləri barədə ətraflı məlumat verib. Aynur Zeynalova çıxışında süni intellektin kimya sahəsində əsas inqilabi təsirinin məlumatların sürətli emalı, proseslərin modelləşdirilməsi və optimallaşdırılması ilə bağlı olduğunu vurğulayıb. O, AI əsaslı modellərin ənənəvi üsullarla müqayisədə vaxt və resurslara qənaət etdiyini, lakin etibarlı nəticələr üçün keyfiyyətli məlumat və mütəxəssis nəzarətinin vacib olduğunu qeyd edib. Spiker süni intellektin yeni molekulların dizaynı, “ağıllı laboratoriyalar”, hesablama kimyası, sənayedə proses optimallaşdırılması, yaşıl və dayanıqlı istehsal, eləcə də neft-kimya və farmasevtika sahələrində tətbiqindən bəhs edib. O bildirib ki, süni intellekt kimyaçıları əvəz etmir, onların fəaliyyətini tamamlayır və gələcəkdə laboratoriyalar daha avtomatlaşdırılmış və rəqəmsallaşmış olacaq, bu baxımdan gənc tədqiqatçılar rəqəmsal bacarıqlarını inkişaf etdirməlidirlər. Tədbir interaktiv müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və elmə, xüsusilə də rəqəmsal texnologiyaların kimyada tətbiqinə olan marağın artırılması baxımından əhəmiyyətli olub.