Tələbə Elmi Cəmiyyəti tərəfindən elmi seminar təşkil olunub
-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsində Tələbə Elmi Cəmiyyəti tərəfindən elmi seminar təşkil olunub. Seminarda Kimya fakültəsinin Kimya müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbəsi Elyasova Jalə Elçin qızı “Kimya dərslərində didaktik oyunların tətbiqi və idrak fəallığının artırılması” mövzusunda məruzə ilə çıxış edib. Tədqiqat işi Kimyanın tədrisi metodikası kafedrasının müdiri Nağıyev Xəlil Camal oğlu və müəllim Paşayeva Arzunun rəhbərliyi ilə hazırlanıb. Məruzədə kimya dərslərində didaktik oyunların tətbiqinin şagirdlərin dərsə marağının artırılması, idrak fəallığının gücləndirilməsi, abstrakt kimyəvi anlayışların daha aydın və anlaşıqlı şəkildə mənimsədilməsi, eləcə də təlim prosesinin interaktiv və səmərəli qurulması baxımından əhəmiyyəti ətraflı şəkildə izah olunub. Bildirilib ki, bu mövzunun aktuallığı müasir təhsil mühitində şagirdyönümlü və fəal təlim metodlarına olan tələbin artması ilə bağlıdır. Tədqiqatın yeniliyi isə didaktik oyunların kimya dərslərində yalnız motivasiya vasitəsi kimi deyil, həm də idrak fəallığını sistemli şəkildə artıran məqsədyönlü pedaqoji yanaşma kimi təqdim olunmasındadır. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və elmi müzakirələr keçirilib.