Tələbə Elmi Cəmiyyətinin iclası keçirilib
11 noyabr 2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin (TEC) novbəti iclası keçirilmişdir. İclasda çıxış edən Kimya fakültəsinin Sosial məsələlər və Tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhramanov bildirib ki, iclasın gündəliyinə Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin sədrinin hesabatı və yeni sədrin seçilməsi daxildir.
Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin sədri əvəzi İsa İsayev TEC-in son bir illik fəaliyyəti barədə hesabat verdi. İsa İsayev bildirdi ki, tələbə-elmi cəmiyyəti tələbələrin elmi araşdırmaları ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün professor-müəllim heyəti ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, tələbələrin elmi sahədə fəal iştirakının təmin edilməsində, tələbələrlə işin təkmilləşdirilməsində və tələbələrimizin savadlı kadr kimi formalaşması, elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması üçün fakültəmizin bütün imkanları səfərbər etməyə hazırıq.
TEC-in sədr əvəzi İsa İsayevin hesabatı qənaətbəxş hesab edilib, səsvermə yolu ilə İsa İsayev Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin sədri vəzifəsinə seçilib.
İclasda son olaraq Kimya fakültəsinin Sosial məsələlər və Tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhramanov bidirdi ki, TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir. O, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətindəki prioritet istiqamətlərdən, kimya fakültəsinin potensial imkanlarından, tələbələrin inkişafına olan təsirindən və təşkilatın strukturu barədə ətraflı məlumat verib, onlara gələcək işlərində uğurlar arzulayıb.