Tələbələrimiz AMEA-nın İnstitutlarında
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin “Kimya”, "Kimya mühəndisliyi" ixtisasları üzrə IV kurs tələbələri AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu və akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutlarında istehsalat təcrübəsi keçirlər. Pandemiya ilə əlaqədar karantin rejiminin tələblərini gözləməklə tələbələr ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutların laboratoriyalarında müasir cihaz və avadanlıqların iş prinsipləri, fiziki-kimyəvi tədqiqat üsulları, aparılan elmi-tədqiqat işləri ilə tanış olacaqlar. Tələbələr üçün yağlara-yanacaqlara əlavələr, neft kimyəvi sintezin əsas məhsulları, qeyri-üzvi materialşünaslıq və kataliz prioritet istiqamətləri üzrə əldə olunan mühüm nəticələrlə bağlı məlumatların verilməsi nəzərdə tutulur. Qeyd edək ki, təcrübələrin başlanğıc günü institut rəhbərlərinin iştirakı ilə görüşlər keçirilmişdir. Görüşlərdə akademik Vaqif Fərzəliyev, akademik Vaqif Abbasov, professor Əfsun Sucayev çıxış edərək elmlə təhsilin inteqrasiyası istiqamətində ölkəmizdə olan mövcud ali təhsil müəssisələri, o cümlədən Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlıq haqqında tələbələri məlumatlandırmışdır. Akademik Vaqif Fərzəliyev bildirib ki, institutda Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının “Aşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər” baza kafedrası fəaliyyət göstərir: “Baza kafedrasında BDU-nun Kimya fakültəsində “Kimya” və “Kimya müəllimliyi” ixtisaslaşmaları üzrə təhsil alan bakalavr və magistrantlar üçün hər cür şərait yaradılmışdır”.Görüşlərdə iştirak edən BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, k.e.d., professor İbrahim Məmmədov BDU-nun Kimya fakültəsinin AMEA institutları ilə əməkdaşlıq səviyyəsinin qənaətbəxş olduğunu bildirmiş, institut kollektivlərinə yaradılan şəraitə görə BDU və fakültə rəhbərliyinin təşəkkürünü çatdırmışdır.