Tələbələrimiz üçün Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə fakültə tələbələrinin Universitetin Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində Muzeyin əməkdaşı Afət Seyidzadə ekskursiya müddətində tələbələrə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətinin əsas mərhələləri, rəhbərlik etdiyi dövrlərdə ölkənin inkişafına yönəlmiş strateji qərarlar və həyata keçirilən mühüm dövlət proqramları barədə əhatəli məlumat təqdim etdi. Təqdimat zamanı Heydər Əliyevin milli təhlükəsizlik, təhsil, sənaye, mədəniyyət və xarici siyasət sahələrində gördüyü işlərin ölkənin bu günü və gələcəyi üçün yaratdığı sabit təməl xüsusi vurğulandı. Tələbələr muzey ekspozisiyalarında nümayiş etdirilən nadir arxiv sənədləri, tarixi fotoşəkillər, şəxsi əşyalar və multimedialı materiallar vasitəsilə Ulu Öndərin dövlətçilik fəlsəfəsi, liderlik keyfiyyətləri və milli ideologiyanın formalaşmasındakı rolu ilə daha yaxın şəkildə tanış oldular. Muzey əməkdaşının dolğun və faktlara söykənən izahları sayəsində tələbələr Heydər Əliyev irsinin yalnız tarixi yox, həm də müasir dövr üçün aktuallığını dərk edərək bu irsin dövlət quruculuğunda nə qədər mühüm əhəmiyyət daşıdığını daha dərindən anlama imkanı qazandılar.