“Təmiz kimya – sağlam gələcək” adlı maarifləndirici tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Kimya fakültəsi könüllülərinin təşəbbüsü ilə 22 aprel – Beynəlxalq Yer Gününə həsr olunmuş “Təmiz kimya – sağlam gələcək” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi tələbələrə kimyanın Yer kürəsinə təsirləri və bu təsirlərin qarşısının alınması yolları haqqında məlumat vermək idi. Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək kimyanın əhəmiyyəti ilə yanaşı, düzgün tətbiq olunmadıqda yarada biləcəyi risklərdən danışıb və tələbələrə bu sahədə biliklərini inkişaf etdirməyi tövsiyə edib. Daha sonra çıxış edənlər kimyanın təbiətə vurduğu spesifik zərərlər, bu problemlərin ekosistemin müxtəlif hissələrinə təsiri və onların qarşısının alınması istiqamətində görülən və görülə biləcək tədbirlər barədə məlumat veriblər. Tədbirin davamında interaktiv hissə təşkil olunub, tələbələrə suallar ünvanlanıb, onların fikirləri dinlənilib və mövzu ətrafında maraqlı müzakirələr aparılıb. Sonda tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, belə maarifləndirici görüşlərin daha tez-tez keçirilməsinin vacibliyi vurğulanıb.